Riqa Texniki Universitetindəki Magistr Marafonu

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Hələ 2 il qabaq 2019-cu il iyulun 19-da Riqadan gələn bir elektron məktub mənim üçün yeni başlanğıcın təməli olmuşdu. Sevincimin həddi hüdudu yox idi. Sözsüz ki, 5000 avroluq təqaüd Riqada bir il üçün kifayət etməyəcəkdi və ailəmin dəstəyi də önəmli rol oynadı. Ancaq təqaüd olmasa buraya gəliş alınmayacaqdı. Həmin vaxt məni sevindirən ən vacib amil nə ölkədən çıxış nə də Avropaya gediş filan deyildi. Sevincimin əsas mənbəsi təqaüdü qazandığım günə qədər verdiyim qərarların əksəriyyətinin doğruluğunun təsdiqlənməsi idi mənim düşüncəmdə. Hər şeyin, ən xırda detalın belə tutduğum yolun bir parçası olduğunu düşünməyə başlamışdım uzun müddət öncə. Yəni, geri baxanda bəzi qərarların düzgün olmasına inanmaq demək olar ki, mümkünsüz olur. Qazanılan heç bir uğur sadə insan məntiqini üstələyə bilmir. Fikirləşirsən ki, axı bu səhv idi, axı bu doğru deyildi. Ancaq, elə burada, başqa inandığım bir məsələ də həmin səhvlərin ya da yanlışların da bu yolda payının olmasıdır. Birini belə dəyişdirsəm hər şey dağılarmış kimi gəlir əksər hallarda. Ona görə o yanlışlara yol açan hər şey və hər kəs qəribə də olsa minnət duyduqlarım siyahısına daxil olur.

20 aylıq müddətin təxminən 12 ayı məsafədən tədris formasında keçdi. Əvvəl-əvvəl buna da qarşı idim. Bir dəfə dosentlərdən biri səsvermə əsasında təyin etməyə çalışmışdı universitetdə ya da uzaqdan olacağını müəyyən bir günün. İki nəfər lehinə səs vermişdi universitetə getməyin. Həmin iki nəfərdənsə yalnız biri getmişdi binaya. Məncə kim olduğunu təxmin etmək çətin olmayacaq həmin tənha kovboyun. Ancaq sonra öyrəşdim və hətta bəzən xoşuma da gəlirdi uzaqdan olmağı dərslərin. Kiminsə səsindən xoşum gəlməyəndə həmin adamın səsini kəsmək klaviaturadakı bir düymə qədər yaxın idi mənə.

Magistr təhsilimi bakalavr dərəcəsində olduğu kimi Biznes İnformatikası ixtisasında aldım. Bakalavr dərəcəsində 4 il ADNSU-nun BA proqramlarında ingilis dilində və alman proqramıyla təhsil almağım burada çox işimə yaramışdı. Sistem demək olar ki, birə-bir eyni olduğundan ilk gün otağa daxil olanda hər şey oxşar idi. Sonralarsa artıq məsələlər proqramın necə idarə olunmasından və müəllim heyətinin şəxsi keyfiyyətlərindən asılı idi. Təəssüf ki, peşəkarlıq hər sahədə yüksək deyildi. Təşkilatlanma və sairə məsələlər qaydasında olsa da proqramın Marite Kirikova adında bir qadın tərəfindən idarə olunması və bəzən qərarların onun avtoriteti altında verilməsi verilmiş qərarların keyfiyyətini aşağı salırdı. Sistem olmayıb idarənin tək nəfər tərəfindən təşkil olunduğu əksər yerlər kimi. Ümumiyyətlə isə burada da qazandığım kifayət qədər biliklər oldu. İnformasiya texnologiyalarına geniş bucaqdan da olsa baxışa sahiblənə bildim.

Keçən 2 ilə yaxın müddətdə Azərbaycana kənardan baxmaq şansım yarandı. Vəziyyətin düşündüyümdən daha kəskin olduğunu anladım. Ancaq vəziyyətin kəskinliyi barədə olan artım eyni qədər həm də vəziyyətə qarşı olan nikbinliyimdə və ümidimdə oldu. Problemlərin düzgün və ətraflı izah olunduğu təqdirdə asanlıqla həll olunacağını ən azından buna cəhd olunacağını başa düşdüm. İzahın yetərsiz və ya ümumiyyətlə olmadığı yerlər və zamanlardasa təzyiqin artdığını müşahidə elədim. Mənə artıq elə gəlir ki, birinə yanlışı düzgün izah edə bilmək onu bu yanlışa görə 20 il həbsə atmaqdan daha tez, səmərəli və faydalı ola bilər. Bununsa özlüyündə danışma, yazma və oxuma qabiliyyətlərinin artmasından asılı olduğunu və bizim hər hansı xarici dili öyrənməmiş Azərbaycan dilini mümkün qədər səlis istifadə etməyimizə bağlılığını dərk etdim. Daha yaxşı izah edə bilmə və izah olunanı aydın başa düşə bilmək üçün. Azərbaycan dilinin həm də bir çox dildən fərqli olaraq ləhcəsiz xarici dildə danışmağa imkan verdiyini də açıq görə bildim.

Riqadakı ilk günlərim və ilk iki ayım çətin keçmişdi. Sonralar Riqada problem olmadığını, ilk 2 ayda yaranan əksər problemlərin mənim gözləntilərimdən qaynaqlandığını anladım. Ümumiyyətlə, bütün vəziyyətlərdə hər şeyə qarşı gözləntiləri minimuma yaxın saxalamaq lazımdır. Bu əlavə məyusluğun qarşısını almaq üçün əlverişli vasitədir. 17-18 ay universitetin yataqxanasında yaşadım. Qiymətlərə görə çox uyğun və tələbələr üçün olduğundan əlverişli yer idi. Artıq bir otaqda iki nəfərlə qalmağın əlverişsizliyinin artmasından oranı tərk etdim. İndi Ganu 4 küçəsində yaşayıram. Riqanın mərkəzinə yaxın səfirliklər ərazisi adlanan yerin yaxınlığında. Azərbaycanın səfiri Cavanşir müəllim də həmin ərazi də yaşayır. Arada parka gəzintiyə çıxır. Tez-tez görürəm. Yeri gəlmişkən səfirlik haqqında yazını bu keçiddən oxuya bilərsiniz. Magistr marafonu bitdi. 17 iyulda, təqaüdü qazandığım gündən demək olar ki, düz iki il sonra diplom müdafiəsi baş tutdu. Yaxın günlərdə diplomumu təhvil alıb, universitet təhsilimi rəsmən başa vuracağam.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu