Ünvan: Arzular

18
0
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Nə istədiyini bilmək insanın kamilləşə biləcəyi və kamilləşməli olduğu vacib nöqtələrdən biridir. Bu dolayısı ilə təhsil və savadla bağlı olsa da birbaşa onlardan asılı deyil. Məsələnin özünü bariz göstərdiyi ən vacib nöqtələrdən biri xaricdə təhsil alan əksər azərbaycanlı tələbələrin bunu niyə etməsini dəqiq bilməməsi ola bilər. Daha doğrusu, niyə dünyanın böyük innovativ, texnoloji şirkətlərində sayımız çox azdır sualının cavabı. Bu sualın cavabı konkret hara getmək istədiyimizi bilməməyimizdən qaynaqlanır. Bunu yer kürəsinin harasında olmasından asılı olmayaraq əksər gənclərin yaşadığını düşünə bilərik. Ancaq, ikinci və güman ki, daha vacib səbəb arzularımızın yetərsiz olması və yalnız xəyal formasında qalmasının bizi daha çox kifayətləndirməsidir. Çünki bu zəhmət tələb etmir. Böyük arzular qurmaq üçün fasiləsiz olaraq irəli baxmaq lazımdır. Cümlədə asan görünə bilər, ancaq, bunu etmək çox çətindir.

Bir neçə il qabaq hələ Bakıda olanda, universitetin ilk illərində Ahmet Şerif İzgörenin belə bir sözünü öyrənmişdim (Pandemiya ərəfəsində bağlanan, o vaxtsa məşhur otellərdən biri Pullman otelə gəlmişdi seminar üçün.) : “Bəzi arzular dan ulduzu kimidir, onlara çata bilmirsiniz, ancaq qaranlıq gecələrdə sizə yol göstərirlər”. (Onundur ya yox, hər halda mən ondan eşitmişdim.) Sözün dəyərli və unikal olduğunu başa düşürdüm, ancaq, mənasını dərk etməyə qadir deyildim. İndi isə tam aydın başa düşürəm. Beləki, mən Riqaya gəlməzdən öncə, xüsusilə 4-cü kursda olanda xaricdə təhsil almaq haqqında proseslərə başlayanda, ağlımda bir düşüncə var idi. Təqaüd qazanıb, xaricə gedib, orada təhsil almaq. Bu uğur olacaqdı. Nə istədiyimi o qədər dəqiq bilirdim ki, birbaşa bütün fikrimi ona cəmləmişdim. Azərbaycanda magistr təhsili almayacaqdım. Nə buna hazırlaşmışdım, nə imtahanına girmişdim. Ya Avropaya ya da hərbi xidmətə. Məsələ ondadır ki, mənim bu baş verəcəyi təqdirdə bundan sonra nə edəcəyim barədə arzum olsa da planım yox idi. Bu məni kifayətləndirəcəkdi.

Kifayət qədər azərbaycanlı bu gün dünyanın sayılıb seçilən universitetlərində (İngiltərə, Amerika, Almaniya və s.) təhsil alır və geri qayıdırlar. Hətta kifayət qədər resursları olanlar həm bakalavr həm də magistr dərəcəsinə bu yerlərdə yiyələnirlər. Sonra nə olur?! Azərbaycana qayıdış, ingilis dilində tədris verilən yerlərdə dərs demək ya da şirkətlərin birində işə düzəlib burada karyera qurmaq. Bunu özümdən demirəm. Mənim oxuduğum universitetin proqramında tədris ingilis dilində olduğundan dərs deyən 25 yaşdan yuxarı Amerikanın, İngiltərənin universitetlərində təhsil almış kifayət qədər adam (adam deyirəm çünki, hamısı müəllim deyildi) və müəllim var idi. Əlbəttə, qayıdışların bəziləri, elə qurulmuş planların özündən, vətən həsrətindən, ya da hansısa məcburiyyətdən qaynaqlana bilir. Bunlar öz yerində, amma, mənə elə gəlir qayıdışların əksəriyyətinin səbəbi Azərbaycanın hər nə qədər bir çox şeydən gileylənsək də bizim böyük ehtimalla, elə normal olaraq, böyük, ortaq komfort zonamız olmasıdır. Burada bir şeyi qeyd etmək yerinə düşər. Bir çox nöqtələrdə Azərbaycanın adını çəkməyim bizim ölkəmiz olmasıdır. Bu yazdıqlarım, bir çox millətlər və ölkələr üçün keçərlidir. Bunu burada olduğum müddətdə ünsiyyətdə olduğum adamlarla olan söhbətlərdən gəldiyim nəticəyə əsasən deyə bilərəm.

Xaricdə yaşamaqdan, orta bir iş tapıb, hansıki, bu da asan deyil, sırf Azərbaycanda yaşamamaq üçün ya da xaricdə yaşama istəyindən orda qalmaqdan danışmıram. Uğur qurmaq. Haradasa yalnız öz qurduğun şərtlər və şərait nəticəsində qurduğun uğur.

Arzular yetərli olmayanda, arzuların yetdiyi yerə qayıtmaq gərək olur.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu