Riqa Aviamuzeyi – Cənab Talpanın şəxsi kolleksiyası

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Riqaya gələndən Latviya haqqında burada olan görməli məkanlar haqqında maraqlandığımdan uzun müddətdir ki, Riqa aviamuzeyi haqqında da bilirdim. Ancaq sözün düzü getmək qismət olmurdu. Həftə sonu qərar verdim ki, gedib mütləq görəcəyəm buranı. Axı bu cür Sovet təyyarələrinin (onlar artıq eksponatdırlar) helikopterlərinin, müxtəlif hava nəqliyyatının olduğu yeri necə qaçırmaq olar?! Özü də açıq hava muzeyi olduğundan heç bir qadağa filan da yoxdur virusa görə (ismi lazım deyil). Üstəgəl, muzey deməyimə ya da yazılmağına baxmayın, şəxsi kolleksiyadır. Viktor Talpa adında İrkutsk Hərbi Hava Kollecinin 62-ci il məzunu bir şəxsdir buranın sahibi. Yeri gəlmişkən, son müddətlər başı yaman cəncəldə imiş. Beləki, kişinin muzeyi düz Riqa hava limanının yanındadır. Sadə məftil çəpər ayırır bu iki obyekti bir-birindən. Sən demə bir neçə ildir, Latviyanın Dəmir Yol şirkətinin qurduğu yeni planda dəmir yolları düz bu muzeyin üzərindən keçdiyindən, cənab Talpayla münaqişədə imişlər. Bir neçə dəfə müxtəlif təkliflər olsa da (aeroportun əks tərəfini ona təklif edirlər) o, razılaşmırmış. Deyir ki, burdakı bütün eksponatları köçürmək üçün 200000 avro pul lazımdır. Hətta “Facebook”da  xeyriyyə kompaniyası da başladıblar. Fəqət, latviyalıların sovet nəsnələrinə pul verməsi çox uzaq ehtimaldır. Elə gözlənildiyi kimi bir şey çıxana oxşamır. Uzun sözün qısası, bu dəfə məmur təbəqəsi Talpaya güzəştə getməyib və Martın sonuna qədər vaxt verib. Deyiblər ki, bəs bizdən incimə. Ya özün çıxırsan ya da biz özümüz bilərik neylərik. Hətta, biri deyib ki, “Viktor Talpa kimi adamlar elə bil biraz Sovet tarixində ilişib qalıblar”. Xülasə, mən də dedim nə qədər ara qarışmayıb tez gedim bu Sovet istehsalı mühəndis əsərlərinə biraz tamaşa edim, şəkil filan sonra çıxım aradan. Belə də etdim. Girişdə qapının zəngini sıxdıq, və cənab Talpa yaxınlaşdı. Elə girişdəcə 7 avromuzu alıb sonra dedi “bu muzey, bu da siz. Nə istəyirsiniz eləyin, elə bilin öz muzeyinizdi.” Biz də etiraz etmədik. Başladıq bir-bir bu eksopanatlara tamaşa edib onları əzizləyib, oxşamağa.

Eksponatlar da nə eksponat. Sözsüz ki, muzeyin ən təmtəraqlı sakini Mi-6 ağır yük helikopteridir. Bu helikopter uzun müddət dünyanın ən ağır (12 000 kq) və qəribə də olsa ən sürətli (300 km/saat) helikopteri adını özündə daşıyıb. İlk dəfə 1957-ci ildə havaya qalxıb.

Bir çox məsələnin həllində aktiv rol oynamış döyüş təyyarələri Sukhoi Su-7BKL, MiG-25RBS, MiG-23M, məşhur Antonov An-2, Tu-134A-3, Antonov An-24B, Yak-18T təlim təyyarəsi və s.

Şəkilləri əlavə edirəm, aşağıda baxa bilərsiniz. Bir gün Riqaya yolunuz düşsə, mütləq baş çəkin bura. Əlbəttə, hələ də burada olsa. Siyahınızda ilk sırada olmasa da orta sıralarda yer vermək olar cənab Talpanın şəxsi muzeyinə.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu